İtaliya A seriyasında yeni mövsümün ilk oyunları keçirilir. “Yuventus” səfərdə “Udineze” ilə qarşılaşıb. Turin futbolçuları erkən qolla hesabı açıblar. 3-cü dəqiqədə Paulo Dibala “qoca sinyora”nı önə çıxarıb. 23-cü dəqiqədə isə Xuan Kuadrado fərqi artırıb. 1-ci hissə “Yuventus”un xeyrinə bitib. Lakin turinlilər üstünlüklərini qoruya bilməyiblər. 51-ci dəqiqədə Roberto Pereyra penaltidən lazımınca yararlanıb. Vaxtın yekunlaşmasına 7 dəqiqə qalmış Jerar Delafeu “Yuventus” futbolçularının kobud səhvindən istifadə edərək yekun nəticəni müəyyənləşdirib. Son saniyələrdə Kriştianu Ronaldu başla fərqlənsə də, qol VAR-a baxılandan sonra ofsayda görə qeydə alınmayıb. “Udineze” – “Yuventus” 2:2.
“Napoli” öz meydanında debütant “Venetsiya” ilə üz-üzə gəlib. Birinci hissədə hesab açılmayıb. 23-cü dəqiqədə neapollular uğursuzluğa məruz qalıblar. Viktor Osimhen meydandan çıxarılıb. 57-ci dəqiqədə meydan sahibləri irəli keçmək üçün əla imkan qazansalar da, Lorentso İnsinye penaltidən yararlana bilməyib. İlk qol 62-ci dəqiqəyə təsadüf edib. Təyin olunan 2-ci penalti zamanı Lorentso İnsinye topu qapıdan keçirib. Az sonra fərq artıb. Elif Elmas mübarizəyə nöqtə qoyub. “Napoli” – “Venetsiya” 2:0.
İlk turda “Roma” – “Fiorentina”dan 3:1 hesabilə üstün olub. “Bolonya” isə “Salernitana”nı məğlubiyyətə uğradıb - 3:2.